
Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı zamanı ölkəmizin “ASAN xidmət” modelinin Pakistanın digər bölgələrində də tətbiq olunması üçün dəstək istəyib.
Qanuntv.az xəbər verir ki, Şahbaz Şərif İslamabadda Azərbaycan təcrübəsi əsasında yaradılmış xidmət mərkəzinin fəaliyyətindən məmnunluğunu ifadə edib.
Pakistanın baş naziri bu uğurlu təcrübənin ölkəsinin digər bölgələrində də tətbiq edilməsi məqsədilə Azərbaycan tərəfindən lazımi dəstəyin göstərilməsini xahiş edib.
Prezident İlham Əliyev öz növbəsində bu istiqamətdə müvafiq dəstəyin göstərilməsinə razılığını bildirib.
Məhəmməd Şahbaz Şərif göstərilən dəstəyə görə Azərbaycan Prezidentinə təşəkkür edib və bunu iki ölkə arasında mövcud olan dostluq münasibətlərinin və həmrəyliyin növbəti bariz nümunəsi kimi qiymətləndirib.





