
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının qarışıq komanda yarışlarında Azərbaycan millisi uğurlu çıxışını davam etdirir.
Qanuntv.az xəbər verir ki, yarışın sonuncu günündə 1/16 final mərhələsində Avstriya yığması ilə qarşılaşan komandamız rəqibini 4:0 hesabı ilə məğlub edərək 1/8 finala yüksəlib.
Azərbaycan millisinə ilk xalı qadınların +70 kq çəki dərəcəsində mübarizə aparan Madina Kaisinova qazandırıb. O, Mariya Höllvart üzərində qələbə qazanıb.
Ardınca kişilərin +90 kq çəki dərəcəsində Zelim Kotsoyev Movli Borçaşvilini məğlub edərək hesabı 2:0-a çatdırıb. -57 kq çəki dərəcəsində Xədicə Qədəşova Laura Kallingerə qalib gəlib. Sonuncu qarşılaşmada isə -73 kq çəki dərəcəsində Rəşid Məmmədəliyev Firas Ben Saadı məğlub edərək millimizin 4:0 hesablı qələbəsini rəsmiləşdirib.
Beləliklə, Azərbaycan yığması Avstriya komandasını vaxtından əvvəl məğlub edərək növbəti mərhələyə vəsiqə qazanıb. Millimizin 1/8 finalda rəqibi Yaponiya yığması olacaq.
Qeyd edək ki, Azərbaycan cüdoçuları dünya çempionatının fərdi yarışlarında da yüksək nəticə göstərərək ümumilikdə yeddi medal qazanıblar. Əhməd Yusifov (60 kq) dünya çempionu olub. Zelim Tçkayev (81 kq) və Uşanqi Kokauri (+100 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq), Murad Fətiyev (90 kq) və Kənan Nəsibov (+100 kq) isə bürünc medallara sahib çıxıblar.
Qarışıq komanda yarışları Bakıdakı Milli Gimnastika Arenasında keçirilir. Turnirdə 18 ölkədən 192 cüdoçu iştirak edir.





