
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xəzər dənizinin nadir ekosisteminin qorunmasının bütün Xəzəryanı dövlətlərin qarşısında duran ortaq vəzifə olduğunu bildirib.
Qanuntv.az xəbər verir ki, dövlət başçısı bu fikirləri Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən Xəzər Ekoloji Sammitinin geniş tərkibdə iclasında çıxışı zamanı səsləndirib.
Prezident son illərdə Xəzəryanı ölkələr arasında əməkdaşlığın hüquqi əsaslarının genişləndirildiyini diqqətə çatdırıb. O bildirib ki, Azərbaycan demək olar ki, bütün beştərəfli beynəlxalq hüquqi sənədlərin tərəfidir.
İlham Əliyev 2018-ci ildə imzalanmış Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın tarixi əhəmiyyətini də vurğulayıb. Dövlət başçısının sözlərinə görə, bu sənəd beş Xəzəryanı dövlətin uzun illər ərzində apardığı birgə işin nəticəsidir.
Xəzər dənizinin ekoloji tarazlığının qorunması, onun təbii sərvətlərinin mühafizəsi və gələcək nəsillərə sağlam mühitin ötürülməsi region ölkələrinin əlaqələndirilmiş fəaliyyətini və birgə məsuliyyətini tələb edir.





