
Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində yerləşən Kral Xalid adına Beynəlxalq Hava Limanına hücum nəticəsində “Saudia” dövlət aviaşirkətinin pilotu həlak olub.
Qanuntv.az xəbər verir ki, bu barədə aviaşirkətin yaydığı məlumatda bildirilib. Həlak olan pilotun kapitan Hamud əl-Kaltami olduğu qeyd edilib.
Şirkət açıqlamasında əməkdaşlarından birinin ölümü ilə bağlı dərin hüznünü ifadə edib və mərhumun ailəsinə başsağlığı verib.
Məlumata görə, oktyabrın 8-də baş verən hücum zamanı hava limanının dayanacağında olan təyyarələrdən biri də zədələnib. Hadisə vaxtı təyyarənin göyərtəsində sərnişin olmayıb. Zərbə nəticəsində ciddi ziyan görən təyyarədə yanğın baş verib.
Aviaşirkətin bildirdiyinə görə, hava limanında əməliyyat fəaliyyəti oktyabrın 8-də yerli vaxtla saat 18:00-da, Bakı vaxtı ilə isə saat 19:00-da bərpa olunub.
Yəməndə fəaliyyət göstərən “Ənsar Allah” (husilər) hərəkatının hərbi nümayəndəsi Yəhya Saria Ər-Riyad hava limanına iki dəfə raket zərbəsi endirildiyini iddia edib.
Hadisənin bütün təfərrüatları ilə bağlı əlavə məlumat verilməyib.





