
Sumqayıt şəhərində altı avtomobilin iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Qanuntv.az xəbər verir ki, hadisə şəhərin İsmət Qayıbov küçəsində qeydə alınıb. Hadisə barədə bu gün yayılan məlumatlarda altı avtomobilin toqquşduğu bildirilir.
Qəza zamanı BMW, iki “Hyundai”, “Opel”, “Toyota” və “KIA” markalı avtomobillər toqquşub.
İlkin məlumata görə, hadisəyə BMW markalı avtomobilin sürücüsünün səbəb olduğu ehtimal edilir. Belə ki, idarəetmədən çıxan BMW əvvəlcə “Opel” markalı avtomobilə, daha sonra isə yol kənarında dayanan digər avtomobillərə çırpılıb.
Qəza nəticəsində xəsarət alanların olduğu bildirilir. Hazırda xəsarət alanların dəqiq sayı müəyyənləşdirilir.
Hadisənin başvermə səbəbləri və digər təfərrüatlar araşdırılır.
Qanuntv.az




