
Azərbaycanda toxumçuluq sahəsində fəaliyyət göstərən toxum əməliyyatçılarının qeydiyyatı və toxumlara dair sertifikatların verilməsi ilə bağlı yeni dövlət rüsumları müəyyənləşib.
Qanuntv.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin imzaladığı və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklikləri nəzərdə tutan sənəddə qeyd olunub.
Dəyişikliyə əsasən, seleksiya və toxumçuluq sahəsində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun informasiya sistemindən çıxarışın verilməsinə görə 50 manat dövlət rüsumu tutulacaq.
İnformasiya sistemindən çıxarışın dublikatının verilməsi üçün dövlət rüsumu 10 manat müəyyən edilib.
Bundan başqa, toxumların sortluq və səpin keyfiyyətlərini təsdiq edən sertifikatların verilməsinə görə bir sənəd üçün 25 manat dövlət rüsumu müəyyənləşdirilib.
Yeni dəyişikliklər toxumçuluq və seleksiya sahəsində göstərilən xidmətlərin hüquqi və maliyyə mexanizmlərinin daha dəqiq tənzimlənməsinə yönəlib.
Qanuntv.az





