
İran ABŞ ilə sülh danışıqlarının nəticəsiz qalacağı təqdirdə hərbi eskalasiyaya gedə biləcəyi barədə xəbərdarlıq edib.
Qanuntv.az xəbər verir ki, bu barədə İranın yüksəkvəzifəli məmuru Reuters agentliyinə açıqlamasında bildirib.
Məmurun sözlərinə görə, ABŞ bir neçə həftə ərzində müvəqqəti sülh sazişinin şərtlərini tam şəkildə yerinə yetirməsə və diplomatik proses nəticə verməsə, Tehran ABŞ-nin İrana tətbiq etdiyi dəniz blokadasını yarmaq üçün “vaxtında və dəqiq” hərbi zərbə endirə bilər.
İran rəsmisi bildirib ki, danışıqlarda yaranmış dalana görə Tehran müdafiə siyasətindən “tamamilə hücum” mövqeyinə keçmək qərarına gəlib.
“İran strukturları Hörmüz boğazında və ümumilikdə regionda gərginliyin artmasına hazır olmalıdırlar. Çünki mürəkkəb vəziyyətlər yaranacağı təqdirdə İran qərarlar qəbul etməyə və addımlar atmağa hazır olacaq”, – deyə məmur vurğulayıb.
Reuters-in məlumatına görə, ABŞ və İran arasında diplomatik prosesdə ciddi fikir ayrılıqları qalmaqdadır. Xüsusilə Hörmüz boğazının statusu və ABŞ-nin İran limanlarına tətbiq etdiyi blokada əsas mübahisə mövzularındandır. İran isə ABŞ-nin razılaşma üzrə öhdəliklərini yerinə yetirməsini tələb edir.
Qeyd edək ki, Hörmüz boğazında vəziyyətin gərginləşməsi qlobal enerji bazarları üçün də ciddi risk yaradır. Son günlər bölgədəki qeyri-müəyyənlik fonunda neft qiymətlərində artım müşahidə olunur.





