
İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı davam edir.
Bu gün Xocavənd rayonunun Quzeyxırman və Güneyxırman, eləcə də Şuşa rayonunun Kiçik Qaladərəsi kəndlərinin sakinləri doğma yurd-yuvalarına yola salınıblar.
Məlumata görə, köçürülən ailələr respublikanın müxtəlif ərazilərində, əsasən yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış şəxslərdir.
İlk mərhələdə Quzeyxırman kəndinə 18 ailə – 82 nəfər, Güneyxırman kəndinə 21 ailə – 103 nəfər, Kiçik Qaladərəsi kəndinə isə 11 ailə – 39 sakin köçürülür.
Doğma torpaqlarına qayıdan sakinlər göstərilən dövlət qayğısına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkürlərini bildiriblər.
Sakinlər torpaqlarımızın işğaldan azad olunması uğrunda döyüşərək qəhrəmanlıq göstərən Azərbaycan Ordusunun əsgər və zabitlərinə minnətdarlıqlarını ifadə edib, Vətən uğrunda canından keçən şəhidlərimizin xatirəsini ehtiramla yad ediblər.
Beləliklə, Böyük Qayıdış prosesi çərçivəsində daha bir neçə kəndin sakinləri illər sonra öz doğma yurdlarına qayıdaraq yeni həyatlarına başlayırlar.
Qanuntv.az





