
Avqustun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılış mərasimində iştirak ediblər.
QanunTV xəbər verir ki, dövlət başçıları əvvəlcə ali təhsil ocağının rəmzi açılışını bildirən lenti kəsiblər.
Nizami Gəncəvinin adını daşıyan universitetin fəaliyyətə başlaması Azərbaycan və Özbəkistan arasında təhsil və humanitar sahələrdə əməkdaşlığın daha da inkişaf etdirilməsi baxımından mühüm hadisə kimi qiymətləndirilir.
Ali təhsil müəssisəsinə böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin adının verilməsi iki xalq arasında mövcud olan tarixi-mədəni bağların, ortaq mənəvi dəyərlərin və ədəbi irsin növbəti ifadəsi kimi diqqət çəkir.
Universitetin açılışında Azərbaycan və Özbəkistan dövlət başçılarının iştirakı isə iki ölkənin təhsil, elm və mədəniyyət sahələrində əməkdaşlığa verdiyi yüksək önəmi nümayiş etdirir.
Qeyd edək ki, Azərbaycan-Özbəkistan münasibətləri son illərdə siyasi və iqtisadi sahələrlə yanaşı, təhsil, elm, mədəniyyət və digər humanitar istiqamətlərdə də sürətlə inkişaf edir.










