
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “Neftçi” ilə heç-heçə başa çatan oyundan sonra komandasının çıxışını dəyərləndirib, rəqibin gücləndiyini və kollektivində müəyyən çatışmazlıqların olduğunu bildirib.
Qanuntv.az xəbər verir ki, Misli Premyer Liqasının VIII turu çərçivəsində keçirilən və 3:3 hesabı ilə başa çatan qarşılaşmadan sonra mətbuat konfransında danışan mütəxəssis futbolçularının daha yaxşı oyun nümayiş etdirmək potensialına malik olduğunu vurğulayıb.
Qurban Qurbanov qarşıda uzun çempionat marafonunun olduğunu qeyd edərək, “Sabah”, “Neftçi” və digər rəqiblərin səviyyəsinin yüksəldiyini bildirib. Baş məşqçinin sözlərinə görə, komandanın daha yaxşı nəticələr əldə etməsi üçün üzərində daha çox çalışması vacibdir. O, yeni futbolçuların kollektivə uyğunlaşmasının müəyyən vaxt tələb etdiyini də diqqətə çatdırıb.
Qeyd edək ki, qarşılaşmadan sonra hər iki komandanın aktivində 17 xal olub. Turnir cədvəlində “Neftçi” ikinci, “Qarabağ” isə üçüncü pillədə qərarlaşıb.





