
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov komandanın qapıçısı Mateuş Koxalskinin klubdan ayrılması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Azərbaycan Premyer Liqasının IV turunda “Araz-Naxçıvan” üzərində 3:2 hesablı qələbədən sonra təşkil olunan mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran təcrübəli mütəxəssis qapıçının mümkün transferi ilə bağlı danışıqların davam etdiyini deyib.
Qurban Qurbanov bildirib ki, hazırda Koxalskinin komandadan ayrılması ilə bağlı rəsmiləşmiş hər hansı qərar yoxdur:
“Hələ ki, rəsmi bir gediş yoxdur. Danışıqlar gedirdi. Müqaviləsində bir bənd var və bu bizi hər transfer pəncərəsində danışıqlara vadar edirdi. Bu gün matçımız var idi, ona görə də oyuna köklənmişdik. Oyundan sonra bu barədə maraqlanaram”.
Baş məşqçinin sözlərindən belə məlum olur ki, polşalı qapıçının gələcəyi ilə bağlı məsələyə yaxın günlərdə aydınlıq gətirilə bilər.
Qeyd edək ki, “Qarabağ” Premyer Liqanın IV turunun son oyununda “Araz-Naxçıvan”ı 3:2 hesabı ilə məğlub edib. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşmada Ağdam təmsilçisi növbəti qələbəsini rəsmiləşdirib.





