
Türkiyəli aktyor Serhat Kılıç İstanbulun Kağıthane rayonunda yerləşən evində ölü vəziyyətdə aşkarlanıb.
Məlumata görə, aktyordan sentyabrın 4-dən etibarən xəbər ala bilməyən sevgilisi Özlem E. onun evinə gedib. Qapını döysə də, cavab ala bilməyən qadın özündə olan açarla mənzilə daxil olub.
O, Serhat Kılıçı qonaq otağında kresloda hərəkətsiz vəziyyətdə görüb. Aktyorun nəfəs almadığını və bədəninin soyuq olduğunu müəyyən edən qadın dərhal təcili tibbi yardım çağırıb.
Hadisə yerinə polis və tibbi yardım əməkdaşları cəlb olunub. Həkimlər aktyorun həyatını itirdiyini müəyyən ediblər.
Sevgilisinin sözlərinə görə, 51 yaşlı Serhat Kılıç limfa xərçəngindən əziyyət çəkirdi.
Polis hadisə ilə bağlı araşdırmaya başlayıb. Aktyorun dəqiq ölüm səbəbinin məhkəmə-tibbi ekspertizasının nəticələrindən sonra müəyyənləşdiriləcəyi bildirilib.





