
Azərbaycan Prezidenti İlham Əliyev Esvatini Krallığının Kralı Əlahəzrət III Msvatiniyə ölkənin Müstəqillik Günü münasibətilə təbrik məktubu ünvanlayıb.
QanunTV.az xəbər verir ki, dövlət başçısı məktubunda Esvatini Kralını və onun simasında bütün xalqı Azərbaycan xalqı adından səmimi-qəlbdən təbrik edib.
Prezident İlham Əliyev Azərbaycan ilə Esvatini arasında münasibətlərin inkişafı üçün əlverişli şəraitin formalaşdığını vurğulayıb. Dövlət başçısı cari ilin may ayında WUF13-də iştirak məqsədilə Kral III Msvatininin Bakıya səfərinin Azərbaycan-Esvatini əlaqələrinin tarixində xüsusi əhəmiyyət daşıdığını qeyd edib.
İlham Əliyev Kral III Msvatini ilə Bakıda keçirilmiş görüşü və aparılan fikir mübadiləsini xoş təəssüratlarla xatırladığını bildirib.
Prezident iki ölkə arasında dostluq münasibətlərinin daha da möhkəmləndirilməsi və əməkdaşlıq potensialından tam istifadə olunması istiqamətində bundan sonra da birgə səylərin davam etdiriləcəyinə əminliyini ifadə edib.
Dövlət başçısı təbrik məktubunun sonunda Kral III Msvatiniyə möhkəm cansağlığı, xoşbəxtlik və fəaliyyətində uğurlar, Esvatini xalqına isə əmin-amanlıq və rifah arzulayıb.





