
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 12-də Bakı Olimpiya Stadionunun ərazisində keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ilə bağlı hazırlıq işləri ilə tanış olub.
Məlumata görə, mayın 17-22-də təşkil olunacaq forum “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusuna həsr olunub.
Dövlət başçısına tədbir çərçivəsində görülən işlər, yaradılan infrastruktur, iştirakçıların qəbulu və təşkilati məsələlər barədə ətraflı məlumat verilib. Bildirilib ki, forumun yüksək səviyyədə təşkili üçün bütün zəruri hazırlıq tədbirləri həyata keçirilir.
Qeyd edək ki, WUF13 dünyanın müxtəlif ölkələrindən hökumət nümayəndələrini, şəhərsalma üzrə ekspertləri, beynəlxalq təşkilatları və qeyri-hökumət qurumlarını bir araya gətirəcək. Forumda dayanıqlı şəhərsalma, təhlükəsiz yaşayış mühiti və urbanizasiya ilə bağlı aktual məsələlərin müzakirəsi nəzərdə tutulur.













