
Mayın 21-də Leyla Əliyeva III Msvati ilə görüş keçirib.
Görüşdə Lindani Dlamini və Esvatinin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri, senator Folile Şakantu də iştirak ediblər.
Esvatini Kralı Azərbaycana səfəri çərçivəsində Prezident İlham Əliyev ilə keçirdiyi görüşü məmnunluqla xatırlayaraq, BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb və bununla bağlı təbriklərini çatdırıb.
Leyla Əliyeva göstərilən diqqət və xoş sözlərə görə minnətdarlığını ifadə edib. O, WUF13 tədbirinin müxtəlif ölkələr arasında şəhərsalma sahəsində təcrübə mübadiləsi baxımından mühüm platforma olduğunu bildirib.
Görüş zamanı Azərbaycan ilə Esvatini arasında ikitərəfli əlaqələrin inkişaf perspektivləri, eləcə də Heydər Əliyev Fondu ilə bu ölkə arasında mümkün əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.









