
Bakıda Türkmənistana yola düşməyə hazırlaşan gəmidə çalışan dənizçinin üzərindən narkotik vasitə aşkarlanıb. Hadisə ilə bağlı cinayət işi üzrə məhkəmə hökmü çıxarılıb.
Qanuntv.az saytı Lent.az-a istinadən xəbər verir ki, 43 yaşlı Bayram İsmayılov (şərti ad) Rusiya bayrağı altında üzən “Mirvari” gəmisində vəzifəli şəxs kimi çalışıb. O, Bakıdan Türkmənistana səfərə hazırlaşarkən “Beynəlxalq Dəniz Ticarət Limanı” gömrük postunda yoxlamaya cəlb olunub.
Məlumata görə, gecə saat 02:00 radələrində gəmidə aparılan yoxlama zamanı xidməti itin reaksiyası gömrük əməkdaşlarının diqqətini cəlb edib. Sonradan keçirilən şəxsi yoxlama zamanı dənizçinin şalvarının cibindəki “Keno” markalı siqaret qutusundan ümumi çəkisi 0,169 qram olan marixuanaya bənzər maddə aşkarlanıb.
Faktla bağlı Bayram İsmayılov barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə cinayət işi açılıb.
Təqsirləndirilən şəxs ifadəsində narkotik vasitəni Ələt qəsəbəsində əldə etdiyini bildirib. Onun sözlərinə görə, yol kənarında gizlədilmiş siqaret qutusunu götürərək əvəzində 15 manat qoyub. Daha sonra maddənin bir hissəsini gəmidə istifadə etdiyini, qalanını isə sonradan istifadə etmək üçün saxladığını deyib.
Məhkəmədə təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, narkotik vasitəni satmaq və ya başqasına vermək niyyətinin olmadığını bildirib.
Məhkəmənin hökmü ilə Bayram İsmayılov üç il altı ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Cəza üç il sınaq müddəti ilə şərti hesab olunub. Həmçinin onun üzərinə probasiya şöbəsinə məlumat vermədən yaşayış yerini dəyişməmək öhdəliyi qoyulub.





