
Bu gün, oktyabrın 18-də Azərbaycanda Müstəqilliyin Bərpası Günü qeyd olunur.
Qanuntv.az xəbər verir ki, 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikasının Ali Soveti tərəfindən “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı qəbul edilib. Bununla da Azərbaycan xalqının müstəqil dövlətçilik ənənələri yenidən bərpa olunub.
Azərbaycanın müstəqillik tarixi 1918-ci il mayın 28-də yaradılmış Azərbaycan Xalq Cümhuriyyətindən başlayır. Həmin gün Milli Şura İstiqlal Bəyannaməsini qəbul edərək Azərbaycanın müstəqilliyini dünyaya bəyan edib. Cəmi 23 ay fəaliyyət göstərən Cümhuriyyət parlamentli idarəçilik, dövlət atributlarının yaradılması və demokratik institutların formalaşdırılması istiqamətində mühüm addımlar atıb.
1920-ci ilin aprelində Azərbaycanın dövlət müstəqilliyi süquta uğrasa da, xalqın azadlıq və müstəqil dövlətçilik arzusu yaşamaqda davam edib. 1991-ci ildə qəbul edilən Konstitusiya Aktı bu tarixi arzunun gerçəkləşməsinin hüquqi əsasını yaradıb.
Müstəqilliyin bərpasından sonra Azərbaycan beynəlxalq münasibətlər sistemində öz yerini möhkəmləndirib, müstəqil xarici siyasət yürüdərək iqtisadi və siyasi inkişaf yolunda mühüm nailiyyətlər əldə edib.
44 günlük Vətən müharibəsində qazanılan Zəfər isə Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində tarixi mərhələ olub və regionda yeni reallıqlar yaradıb.
Müstəqilliyin Bərpası Günü Azərbaycan xalqının azadlıq iradəsini, milli birliyini və dövlətçilik ənənələrinə sədaqətini təcəssüm etdirən əlamətdar tarixdir.





