
Leyla Əliyeva və Alena Əliyeva Quba rayonuna səfər edərək yerli internat tipli ümumtəhsil məktəbi və STEAM mərkəzində olublar.
Ziyarət əvvəlcə şəhər ümumi təyinatlı internat məktəbində başlayıb. Məktəbdə 114 şagird – 79 oğlan və 35 qız təhsil alır. Leyla Əliyeva və Alena Əliyeva yaradılan şəraitlə tanış olaraq şagirdlərlə səmimi söhbət ediblər, onların dərs prosesini izləyiblər, onlara məktəb ləvazimatları təqdim ediblər və xatirə şəkilləri çəkdiriblər. Şagirdlər tərəfindən hazırlanmış mədəni proqram – şeir və mahnılar da nümayiş olunub.
Daha sonra səfər STEAM mərkəzində davam edib. Qeyd olunub ki, Birinci vitse-prezidentin təşəbbüsü ilə Azərbaycanda STEAM (Elm, Texnologiya, Mühəndislik, İncəsənət, Riyaziyyat) təhsili layihəsi tətbiq edilir və Quba STEAM mərkəzi 2021-ci ildən fəaliyyət göstərir. Ziyarət zamanı Leyla Əliyeva və Alena Əliyeva mərkəzdə yaradılan şəraitlə tanış olub, şagirdlərlə söhbət edərək onların burada qazandıqları bilik və bacarıqların praktiki tətbiqi ilə maraqlanıblar. 












