
Müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsindən sonra təxminən 3 min vakant yer əsas yerləşdirmə mərhələlərində tutulmayıb. Hazırda həmin yerlərin müəllimlərlə təmin edilməsi istiqamətində işlər davam etdirilir.
QanunTV.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov İctimai Televiziyada yayımlanan “Pressinq” verilişində məlumat verib.
Eşqi Bağırovun sözlərinə görə, əsas yerləşdirmə mərhələlərində tutulmayan vakant yerlərin olması onların hazırda da boş qalması anlamına gəlmir.
O bildirib ki, bu il 6 minə yaxın müəllim müsabiqədə uğur qazanaraq pedaqoji fəaliyyətə başlayıb. Hazırda yeni vakant yerlər yarandıqca və əvvəlki mərhələlərdə tutulmayan yerlər üzrə müəllimlərin yerləşdirilməsi prosesi davam edir.
MÜTDA direktoru qeyd edib ki, xüsusilə ucqar kənd məktəblərində, eləcə də dərs saatı az olan fənlər üzrə müəllim çatışmazlığı müşahidə olunur.
Onun sözlərinə görə, bu çatışmazlıqların aradan qaldırılması və məktəblərin müəllimlərlə təmin edilməsi üçün yerli təhsil idarəetmə orqanlarına müvafiq tapşırıqlar verilib.
Eşqi Bağırov vakant yerlərin təmin olunması üçün bir neçə mexanizmin tətbiq edildiyini vurğulayıb. Belə ki, həmin yerlərə yeni müəllim işə qəbul edilə, qonşu məktəblərdən əvəzçilik qaydasında fənn müəllimləri cəlb oluna və ya müsabiqədə iştirak edərək müvafiq keçid balını toplamış namizədlər müqavilə əsasında işə dəvət edilə bilərlər.
Agentlik rəhbəri bildirib ki, tutulmayan vakant yerlərin təmin olunması ilə bağlı yerli təhsil idarəetmə orqanlarına aydın təlimat və tapşırıqlar verilib. Məqsəd məktəblərdə müəllim təminatını həyata keçirmək və kadr çatışmazlığını aradan qaldırmaqdır.





