
Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan B.H.R. və İ.R.F. barəsində cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Məhkəmə hökmü kriptovalyutanın dövlət nəfinə xüsusi müsadirə edilməsi baxımından Azərbaycan məhkəmə təcrübəsində mühüm yenilik kimi diqqət çəkir.
Yasamal Rayon Məhkəməsinin hökmünə əsasən, təqsirləndirilən şəxslər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206-1.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlinə görə təqsirli biliniblər. Onlar əvəzləşdirmə və digər qarşılıqlı hesablaşma üsullarından istifadə etməklə xüsusilə külli miqdarda pul vəsaitlərinin qanunsuz şəkildə Azərbaycan Respublikasından xarici ölkəyə və ya xarici ölkədən Azərbaycana gizli köçürülməsi fəaliyyətini təşkil etməkdə ittiham olunublar.
Məhkəmənin hökmü ilə B.H.R. 2 il 5 ay müddətinə azadlığın məhdudlaşdırılması və 3 milyon 623 min 568 manat məbləğində cərimə, İ.R.F. isə 3 il müddətinə azadlığın məhdudlaşdırılması və 31 milyon 399 min 709 manat məbləğində cərimə cəzasına məhkum edilib.
Hökmün digər mühüm məqamı isə ibtidai istintaq zamanı məhkəmə qərarı ilə üzərinə həbs qoyulmuş “Binance” beynəlxalq virtual aktiv xidməti təminatçısındakı hesabda saxlanılan 830 ədəd kriptovalyutanın dövlət nəfinə müsadirə edilməsi olub.
Qanunvericiliyə əsasən, xüsusi müsadirə cinayətin törədilməsi zamanı istifadə olunan alət və vasitələrin, eləcə də cinayət yolu ilə əldə edilmiş əmlakın məcburi və əvəzsiz şəkildə dövlət nəfinə alınmasını nəzərdə tutur.
“Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda isə cinayət yolu ilə əldə edilmiş əmlak anlayışına virtual aktivlər də daxil edilir.
Bu baxımdan 830 ədəd kriptovalyutanın dövlət nəfinə keçirilməsi Azərbaycanda virtual aktivlərlə bağlı hüquqi mexanizmlərin məhkəmə təcrübəsində tətbiqi baxımından diqqətçəkən hadisədir.
Kriptovalyutanın xüsusi müsadirəsinin praktiki icra mexanizmi həm Azərbaycan, həm də beynəlxalq hüquq praktikası üçün nisbətən yeni istiqamətlərdən biri hesab olunur. Virtual aktivlərin hüquqi statusu, onların müsadirəsi, saxlanılması və dövlət nəfinə keçirilməsi məsələləri bir sıra ölkələrdə olduğu kimi Azərbaycanda da aktual hüquqi məsələlər sırasındadır.
Hazırda Azərbaycanda virtual aktivlərin və kriptovalyuta bazarının hüquqi tənzimlənməsini nəzərdə tutan qanunvericilik bazasının formalaşdırılması istiqamətində işlər davam etdirilir.
Baş vermiş məhkəmə prosesi isə virtual aktivlərin cinayət yolu ilə əldə edilməsi və qanunsuz maliyyə əməliyyatlarında istifadəsi ilə bağlı hüquqi məsuliyyət məsələlərinin gələcəkdə daha geniş şəkildə tətbiq edilə biləcəyini göstərir.





