
2027-ci ildən Azərbaycanda kənd təsərrüfatı üzrə subsidiya siyasətində yeni mərhələ başlayacaq.
Qanuntv.az xəbər verir ki, Aqrar Subsidiya Şurasının təsdiqlədiyi yeni mexanizm çərçivəsində dövlət dəstəyinin istiqamətləri və əhatə dairəsi genişləndiriləcək.
Yeni yanaşmada daha məhsuldar və texnoloji istehsala üstünlük veriləcək. Müasir suvarma və lazer hamarlama texnologiyalarından istifadə edən, sertifikatlı toxum tətbiq edən fermerlər üçün daha yüksək subsidiya nəzərdə tutulur.
İstixanalar, ixracyönümlü bitkilər və emal sənayesi üçün istehsal olunan məhsullar da əlavə dövlət dəstəyi alacaq.
Bundan başqa, südçülük, balıqçılıq, yumurta istehsalı, atçılıq və intensiv heyvandarlıq kimi sahələr üzrə ayrıca subsidiya mexanizmlərinin tətbiqi planlaşdırılır.
Yeni mexanizmin diqqətçəkən məqamlarından biri də müəyyən meyarlara cavab verən təsərrüfatlara əkin subsidiyasının 30 faizinin əvvəlcədən ödənilməsidir. Bu addımın fermerlərin əkin dövründə üzləşdiyi maliyyə yükünün azaldılmasına kömək edəcəyi gözlənilir.
Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi sədrinin müavini Azər Badamov bildirib ki, yeni subsidiya mexanizmi aqrar siyasətdə daha keyfiyyətli və nəticəyönümlü mərhələyə keçid kimi qiymətləndirilə bilər.
Onun sözlərinə görə, əsas məqsəd yalnız subsidiya məbləğlərini artırmaq deyil, həm də məhsuldarlığı yüksəltmək, müasir texnologiyaların tətbiqini genişləndirmək və kənd təsərrüfatının rəqabət qabiliyyətini artırmaqdır.
A.Badamov qeyd edib ki, ənənəvi üsullarla becərilən təsərrüfatlarda taxılın məhsuldarlığı 15-25 sentner səviyyəsində olduğu halda, innovativ texnologiyalardan istifadə edən bəzi təsərrüfatlarda bu göstəricini 60 sentnerə qədər artırmaq mümkündür.
İqtisadçı Elçin Əkbərov isə yeni mexanizmin mühüm tərəflərindən birinin dövlət dəstəyinin konkret istehsal davranışları ilə əlaqələndirilməsi olduğunu bildirib.
Onun sözlərinə görə, yeni qaydalar texnologiyadan istifadə edən fermerlərin daha çox dəstəklənməsinə şərait yaradacaq. Eyni zamanda, heyvandarlıq və akvakultura sahələrinin də subsidiya mexanizminə daxil edilməsi aqrar istehsalın şaxələndirilməsinə imkan verəcək.
İqtisadçı vurğulayıb ki, subsidiya aqrar sektorun bütün problemlərini təkbaşına həll edə bilməz. Torpaqların parçalanması, su təminatı, maliyyəyə çıxış, texniki biliklər, aqrar məsləhət xidmətləri və emal imkanları ilə bağlı məsələlərin də paralel şəkildə həll olunması vacibdir.
Qeyd edək ki, açıqlanan qaydalara əsasən, əkin subsidiyasının 30 faizini əvvəlcədən almaq imkanı 5-100 hektar əkin sahəsi olan, müəyyən edilmiş birillik yazlıq və ya payızlıq bitkiləri becərən və fermer reytinqi 30-dan yuxarı olan təsərrüfatlara şamil ediləcək.




