
Bakı, 28 dekabr 2025 – Baş Dövlət Yol Polisi İdarəsi ölkənin bəzi dağlıq və dağətəyi ərazilərində hava şəraiti ilə bağlı sürücülərə müraciət edib.
Qanuntv.az Report-a istinadən xəbər verir ki, müraciətdə bildirilir ki, hazırda həmin ərazilərdə qar yağması, duman və yolların buz bağlaması müşahidə olunur. Bu səbəbdən yol hərəkətinin təhlükəsizliyi əlavə diqqət və məsuliyyət tələb edir.
Baş Dövlət Yol Polisi qeyd edib ki, qarlı və buzlu yol şəraitində sürücülük təcrübəsi kifayət qədər olmayan şəxslərin, xüsusilə də mürəkkəb yol şəraitinə hazırlıqsız sürücülərin iştirak etdiyi yol-nəqliyyat hadisələri daha çox baş verir. Bu isə dağlıq ərazilərdə avtomobil idarə etməyin xüsusi təcrübə və risklərin düzgün qiymətləndirilməsini tələb etdiyini göstərir.
Sürücülərə tövsiyələr:
Dağlıq ərazilərə səfər etməzdən əvvəl hava və yol şəraiti barədə məlumat əldə edin;
Nəqliyyat vasitəsinin texniki vəziyyətinə diqqət yetirin;
Qarlı və buzlu yollarda sürəti azaldın;
Təhlükəsiz ara məsafəsini qoruyun;
Qəfil manevr və kəskin əyləclərdən çəkinin;
Mövsümə uyğun təkərlərdən istifadə edin;
Dumanlı havada işıq cihazlarından qaydalara uyğun istifadə edin;
Təcrübəsi az olan sürücülərə, xüsusilə xanım sürücülərə dağlıq ərazilərdə ehtiyatlı olmağı və zərurət olmadıqda səfəri təxirə salmağı tövsiyə edirik.
Baş Dövlət Yol Polisi vurğulayıb ki, yolda verilən hər bir qərar məsuliyyət tələb edir və mövcud şəraitə uyğun davranış həm sürücünün, həm də digər yol hərəkəti iştirakçılarının təhlükəsizliyini təmin edir.





