
Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində maraqlı aksiya təşkil olunub.
Qanuntv.az xəbər verir ki, mayın 20-də QHT Agentliyi və Mirzə Ələkbər Sabir Fondunun birgə təşkilatçılığı ilə paytaxtın mərkəzində bir qrup Azərbaycan xanımının milli geyimlərdə gəzinti-yürüşü baş tutub.
Aksiya şəhər sakinləri və ölkəmizə gələn xarici qonaqlar tərəfindən böyük maraqla qarşılanıb. Yürüş iştirakçıları Azərbaycanın milli geyim ənənələrini, kəlağayı mədəniyyətini və zəngin irsini nümayiş etdiriblər.
Mirzə Ələkbər Sabir Fondunun sədri, böyük şairin nəvəsi Sevda Tahirli bildirib ki, yürüş Qız qalası, İçərişəhər, Natəvanın heykəli, Dənizkənarı Milli Bulvar, Xəqani bağı, Fəvvarələr Meydanı və Sabir heykəli marşrutu üzrə davam edib.
Onun sözlərinə görə, tədbirin əsas məqsədi milli-mənəvi dəyərlərin təbliği, milli geyimlərə və kəlağayılara marağın artırılmasıdır.
Sevda Tahirli qeyd edib ki, WUF13 çərçivəsində və Müstəqillik Günü ərəfəsində belə bir tədbirin keçirilməsi xüsusi rəmzi məna daşıyır.













