
Prezident İlham Əliyev səhiyyə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bir sıra tədbirlər haqqında Fərman imzalayıb.
Qanuntv.az xəbər verir ki, Fərmana əsasən, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxs Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin tabeliyinə verilib.
Sənədə əsasən, TƏBİB-in hüquq və öhdəlikləri, eləcə də əmlakı Nazirliyin tabeliyində yaradılan müvafiq publik hüquqi şəxsə keçir. Yeni qurumun nizamnamə fondu onun əmlakı hesabına formalaşdırılacaq.
Fərmanda qeyd olunur ki, TƏBİB dövlət qeydiyyatına alınan günədək mövcud publik hüquqi şəxs fəaliyyətini davam etdirəcək. Bu müddət ərzində onun Müşahidə Şurasının səlahiyyətlərini Səhiyyə Nazirliyinin yaratdığı komissiya həyata keçirəcək.
TƏBİB-in cari fəaliyyətinə rəhbərliyi isə Səhiyyə Nazirliyi tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən sədr və onun dörd müavinindən ibarət İdarə Heyəti həyata keçirəcək.
Qeyd edək ki, imzalanan Fərman səhiyyə sahəsində idarəetmə strukturunun yenidən təşkilini və TƏBİB-in Səhiyyə Nazirliyinin tabeliyinə keçirilməsini nəzərdə tutur.





