
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana 29 Oktyabr – Respublika Günü münasibətilə təbrik məktubu ünvanlayıb.
Qanuntv.az xəbər verir ki, dövlət başçısı məktubunda Türkiyə xalqını milli bayram münasibətilə təbrik edərək, Azərbaycan ilə Türkiyə arasındakı tarixi dostluq və qardaşlıq münasibətlərinin əhəmiyyətini vurğulayıb.
Prezident İlham Əliyev təbrik məktubunda qeyd edib ki, Azərbaycan və Türkiyəni tarixin sınaqlarından çıxmış möhkəm dostluq və qardaşlıq telləri birləşdirir. Bildirib ki, 2021-ci ildə hər iki ölkənin dövlət başçısı tərəfindən imzalanmış Şuşa Bəyannaməsi ilə ikitərəfli münasibətlər ən yüksək səviyyəyə – müttəfiqlik mərhələsinə yüksələrək yeni məzmun və mahiyyət qazanıb.
Dövlət başçısı məktubunda Rəcəb Tayyib Ərdoğana möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti fəaliyyətində uğurlar arzulayıb. Eyni zamanda, qardaş Türkiyə Respublikasına və onun xalqına daim əmin-amanlıq və firavanlıq diləyib.
Azərbaycan və Türkiyə arasında strateji müttəfiqlik münasibətləri, qarşılıqlı etimad və sarsılmaz qardaşlıq əlaqələri iki ölkənin siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlığının əsasını təşkil edir.





