
Müasir texnologiyalar insanların gündəlik həyatını asanlaşdırsa da, onların həddindən artıq istifadəsi xüsusilə uşaqların sosial və psixoloji inkişafına ciddi təsir göstərir. Telefon, planşet və digər rəqəmsal vasitələrin həyatımızda geniş yer tutması uşaqlıq və yeniyetməlik dövrünün ənənəvi ünsiyyət formalarını getdikcə arxa plana keçirir.
Bir zamanlar həyətlərdə oynayan, dostları ilə vaxt keçirən uşaqların yerini bu gün saatlarla ekran qarşısında qalan azyaşlılar tutur. Mütəxəssislər bildirirlər ki, sosial şəbəkələrdən həddindən artıq istifadə uşaqlarda ünsiyyət bacarıqlarının zəifləməsinə, sosiallaşma problemlərinə və emosional tənhalıq hissinin artmasına səbəb olur.
Virtual dünyanın real münasibətləri əvəz etməsi isə gələcək nəsillərin sosial həyatına uzunmüddətli təsir göstərə bilər. Bu səbəbdən dünyanın bir çox ölkələrində olduğu kimi, Azərbaycanda da uşaqların sosial şəbəkələrdən istifadəsi ilə bağlı yaş məhdudiyyətlərinin müəyyənləşdirilməsi və maarifləndirici tədbirlərin həyata keçirilməsi aktuallaşıb.
Bu istiqamətdə diqqət çəkən təşəbbüslərdən biri də Azərbaycanda fəaliyyət göstərən "Uşaqlıq Offline" animasiya layihəsidir. Layihə çərçivəsində uşaqlar və valideynlər üçün maarifləndirici cizgi filmləri hazırlanır. Animasiya məhsulları "Beyond" Media tərəfindən istehsal olunur.
Cizgi filmlərində uşaqlara süni intellektdən düzgün istifadə, sosial şəbəkə trendlərini düşünmədən təkrarlamamağın vacibliyi, "TikTok" platformasında həddindən artıq vaxt keçirməyin mənfi tərəfləri, həmçinin kiberbullinq, kiberdələduzluq və digər rəqəmsal təhlükələr onların yaş xüsusiyyətlərinə uyğun şəkildə izah edilir.
Layihənin müəllifləri bildirirlər ki, animasiya serialının hazırlanması prosesində işin təxminən 60 faizi süni intellekt texnologiyalarının imkanlarından istifadə edilməklə həyata keçirilir. Bununla yanaşı, ssenarilər, personajların səsləndirilməsi, yaradıcı qərarlar və yekun nəzarət peşəkar yaradıcı heyət tərəfindən təmin olunur.
Mütəxəssislər hesab edirlər ki, uşaqların rəqəmsal dünyaya adaptasiyası ilə yanaşı, onların real həyat münasibətlərinin, sosial bacarıqlarının və sağlam ünsiyyət mühitinin qorunması da xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan "Uşaqlıq Offline" kimi maarifləndirici layihələr gələcək nəslin təhlükəsiz və balanslı rəqəmsal vərdişlər formalaşdırmasına mühüm töhfə verir.





