
Bu gün Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik İlqar Mirzəyevin şəhidlik zirvəsinə ucalmasının ildönümüdür.
Qanuntv.az xatırladır ki, İlqar Anzor oğlu Mirzəyev 1973-cü il mayın 8-də Gürcüstanın Qardabani şəhərində anadan olub. O, 1980-1990-cı illərdə həmin şəhərdə orta məktəbdə təhsil alıb və sonrakı illərdə ömrünü Vətənə xidmətə həsr edib.
İlqar Mirzəyev Azərbaycan Ordusunda müxtəlif məsul vəzifələrdə xidmət göstərərək peşəkar hərbçi kimi böyük nüfuz qazanıb. Qüsursuz xidmətinə və hərbi sahədə göstərdiyi uğurlara görə ona 2012-ci ildə polkovnik hərbi rütbəsi verilib.
Milli Qəhrəman xüsusilə 2016-cı ilin Aprel döyüşləri zamanı göstərdiyi şücaətlə yadda qalıb. Onun rəhbərliyi altında Azərbaycan Ordusu Tərtər istiqamətində mühüm strateji yüksəklikləri və mövqeləri düşməndən azad edib.
2019-cu ildə 3-cü Ordu Korpusunun Artilleriya rəisi və artilleriya şöbəsinin rəisi vəzifəsinə təyin olunan İlqar Mirzəyev 2020-ci ilin iyulunda Tovuz istiqamətində baş verən döyüşlərdə ön sıralarda yer alıb.
2020-ci il iyulun 14-də Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısını alarkən general-mayor Polad Həşimov və digər hərbçilərlə birlikdə qəhrəmancasına şəhid olub.
Şəhid polkovnik II Fəxri xiyabanda dəfn edilib.
Azərbaycan Respublikası Prezidentinin 9 dekabr 2020-ci il tarixli sərəncamı ilə İlqar Mirzəyevə ölümündən sonra Azərbaycanın ərazi bütövlüyünün qorunması və döyüş tapşırıqlarını yerinə yetirərkən göstərdiyi igidliyə görə "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.
Qeyd edək ki, şəhid polkovnikdən Elvin adlı oğlu və Gülnarə adlı qızı yadigar qalıb.
Qanuntv.az kollektivi Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyevin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!





