
Azərbaycan Xalq Cümhuriyyətinin banisi, görkəmli dövlət və siyasi xadim Məhəmməd Əmin Rəsulzadənin gələcək nəsillərə və gəncliyə ünvanladığı bu tarixi müraciət bu gün də aktuallığını qoruyur.
Rəsulzadə müraciətində Azərbaycan gəncliyinin üzərinə düşən böyük məsuliyyəti vurğulayaraq bildirir ki, əvvəlki nəsil yoxdan bir bayraq və müqəddəs bir ideal yaradıb, onu ağır sınaqlardan keçirərək yüksəldib və gələcək nəsillərə əmanət edib.
Onun məşhur kəlamı — “Bir kərə yüksələn bayraq bir daha enməz” — Azərbaycan xalqının müstəqillik iradəsinin, azadlıq əzminin simvoluna çevrilib.
Müraciətdə qeyd olunur ki, milli bayraq bir zamanlar parlament binası üzərindən enmiş olsa da, bu, müvəqqəti bir mərhələ kimi düşünülmüşdü. Rəsulzadə gələcək nəsli bu bayrağı yenidən ucaldacaq qüvvə kimi görür, Azərbaycan gəncliyini isə azadlıq mübarizəsinin əsas daşıyıcısı hesab edirdi.
Böyük ideoloq gənclərə xitabında onların müqəddəs amal uğrunda mübarizəyə hazır olmalı olduqlarını vurğulayaraq belə bir yol göstərirdi: “Ya qazi olacaqsan, ya da şəhid.”
Bu müraciət bu gün də Azərbaycan gəncliyi üçün milli ruhun, vətənpərvərliyin və dövlətçilik düşüncəsinin formalaşmasında mühüm ideoloji mənbə olaraq qalır.





