
Qanuntv.az xəbər verir ki, paytaxt Bakı şəhərində güclü yağışlardan sonra yaranan fəsadların aradan qaldırılması məqsədilə genişmiqyaslı təmizlik işləri həyata keçirilib.
Məlumata görə, bu barədə Bakı Şəhər İcra Hakimiyyəti məlumat yayıb.
Bildirilib ki, səhər saatlarından etibarən kommunal xidmətlərin texnikası tərəfindən şəhərin 555 əsas küçə, prospekt və məhəllədaxili yolları xüsusi yuyucu vasitələrlə yuyulub. Eyni zamanda, səki kənarları, bordürlər, işıq dirəkləri, məhəccərlər, park və istirahət yerlərində oturacaqlar təmizlənib, həyət və yaşayış məhəllələrində səliqə-sahman işləri görülüb.
Həmçinin ictimai-iaşə və ticarət obyektlərinin vitrinləri yuyulub, ətraf ərazilərdə təmizlik işləri aparılıb.
Qeyd olunub ki, Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyi əməkdaşları tərəfindən ağac və yaşıllıqlara qulluq göstərilib, üzərlərində toplanan toz-torpaq təmizlənib, zədələnmiş hissələr budanıb və yeni güllər əkilərək müxtəlif landşaft kompozisiyaları yaradılıb.
BŞİH-dən bildirilib ki, paytaxtın bütün rayonlarını əhatə edən bu tədbirlər yağışların fəsadlarının tam aradan qaldırılmasına və şəhərin sanitar vəziyyətinin daha da yaxşılaşdırılmasına xidmət edir. Həmçinin bu istiqamətdə işlərin ilboyu davam etdiriləcəyi qeyd olunub.













