
15 mart 2026-cı il tarixində keçirilmiş buraxılış imtahanında maksimum – 300 bal toplayan abituriyentlərdən biri də Zəhra Polad qızı Zərbəliyeva olub. O, ən yüksək nəticə göstərən şagirdlər sırasında yer alaraq diqqət çəkib.
Qanuntv.az xəbər verir ki, Zəhra Zərbəliyeva sevincini Oxu.Az ilə bölüşüb.
O bildirib ki, nəticəni öyrəndiyi an onun üçün həm həyəcanlı, həm də unudulmaz olub:
“Çox həyəcanlandım. Müəlliməm və rəfiqəm yanımda idilər. Nəticəyə baxanda bir anlıq inana bilmədim. Sonra hamımız sevinc hissi keçirdik. Ətrafımdakı insanların reaksiyası məni daha da sevindirdi”.
Zəhra yüksək nəticənin əsas səbəblərindən danışarkən sistemli hazırlığın vacibliyini vurğulayıb. Onun sözlərinə görə, uğur düzgün planlaşdırılmış dərs rejiminin nəticəsidir:
“Orta hesabla gündə 3-4 saat dərs oxuyurdum. Əsas məsələ sistemli olmaqdır. Sadəcə çox oxumaq yox, planlı şəkildə hazırlaşmaq lazımdır. Həm dərsə, həm də istirahətə vaxt ayırmaq vacibdir”.
O qeyd edib ki, uğur qazanmaq üçün erkən yaşlardan məqsəd müəyyənləşdirmək mühüm rol oynayır:
“Birinci sinifdən bütün fənləri yaxşı oxumuşam, həmişə əlaçı olmuşam. Bu da nəticələrimə təsir edib. Qırmızı attestatım var”.
Gələcək planlarından danışan Zəhra informasiya texnologiyaları sahəsində təhsil almaq istədiyini bildirib. O, bu istiqamətdə inkişaf edərək uğurlu mütəxəssis olmağı hədəflədiyini deyib.
Abituriyent qəbul imtahanı ilə bağlı gözləntilərini də açıqlayıb:
“İnşallah, qəbul imtahanında da yüksək nəticə göstərərək 350-dən yuxarı bal toplamağı hədəfləyirəm”.





