
Son illər azyaşlılar tərəfindən törədilən hüquq pozuntuları cəmiyyətdə ciddi narahatlıq doğuran məsələlərdən birinə çevrilib.
Qanuntv.az xəbər verir ki, 2024-cü ilin statistikasına əsasən, 472 azyaşlı cinayət törədib. Onlardan 460-ı oğlan, 12-si isə qızdır. Bu cinayətlər arasında ən çox rast gəlinən hal isə oğurluq olub – il ərzində 161 belə fakt qeydə alınıb.
Mütəxəssislər hesab edirlər ki, bu uşaqları yalnız təhlükə mənbəyi kimi deyil, həm də diqqətdən kənarda qalmış fərdlər kimi qiymətləndirmək lazımdır.
Sosioloq Üzeyir Şəfiyev bildirir ki, yeniyetmələr arasında cinayət əməllərinin əsas səbəbləri sosiallaşma institutlarındakı problemlərlə bağlıdır.
Onun sözlərinə görə, ailə mühitində gərginlik, münaqişələr, məktəblərdə bullinq halları və sosial medianın mənfi təsiri bu prosesə ciddi təsir göstərir
.
Azərbaycanda bu istiqamətdə Ədliyyə Nazirliyi yanında Probasiya xidməti fəaliyyət göstərir. Xidmət azyaşlıların davranışına nəzarət edir, onların cəmiyyətə reinteqrasiyası üçün xüsusi proqramlar həyata keçirir.
Bəzi hallarda isə azyaşlılar xüsusi tərbiyə müəssisələrinə yerləşdirilir. Burada onlar həm təhsil alır, həm də psixoloji dəstək alaraq cəmiyyətə yenidən uyğunlaşmağa çalışırlar.





