
Cəlilabad rayonunda Qurban bayramı ilə əlaqədar şəhid ailələrinə göndərilən qurban paylarından birində istehlaka yararsız ətin aşkarlanması ilə bağlı tədbir görülüb.
Qanuntv.az xəbər verir ki, məsələ ilə bağlı Cəlilabad Rayon İcra Hakimiyyətinin Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri Fizuli Cəfərova töhmət verilib.
Bildirilib ki, hadisə Qurban bayramı günlərində baş verib. Şəhid ailələrindən birinə çatdırılan qurban payındakı ətin keyfiyyətsiz vəziyyətdə olması ilə bağlı daxil olan məlumat araşdırılıb və fakt təsdiqlənib.
Fizuli Cəfərov məsələ ilə bağlı açıqlamasında bildirib ki, rayonda 267 şəhid ailəsinə qurban payı göndərilib. Onun sözlərinə görə, yalnız bir neçə ucqar kənddə yaşayan ailələrə çatdırılan ətlə bağlı problem yaranıb.
O qeyd edib ki, ətin saxlanma və daşınma zamanı düzgün qorunmaması səbəbindən keyfiyyətində problem yaranıb. Şikayətlər daxil olduqdan sonra həmin ətlər dərhal dəyişdirilərək şəhid ailələrinə yeni qurban payları təqdim olunub.
Hadisə ilə bağlı məsul şəxsə intizam tədbiri tətbiq edilib və Cəlilabad Rayon İcra Hakimiyyəti tərəfindən müvafiq qərar qəbul olunub.





