
Bu gün Azərbaycanın Milli Qəhrəmanı Mətləb Kamran oğlu Quliyevin doğum günüdür.
Mətləb Quliyev 1959-cu il yanvarın 9-da Beyləqan şəhərində anadan olub. Uşaq yaşlarında ailəsi ilə birlikdə Sumqayıt şəhərinə köçüb.
O, 1992-ci ildə leytenant rütbəsində Daxili Qoşunlarda xidmətə başlayıb və cəbhənin müxtəlif istiqamətlərində gedən döyüşlərdə böyük igidlik və şücaət göstərib.
1992-ci il avqustun 31-də Ağdam bölgəsində düşmənə qarşı gedən ağır döyüşlər zamanı Mətləb Quliyev şəxsi qəhrəmanlıq nümunəsi nümayiş etdirib. O, pulemyotla təkbaşına düşmənin üzərinə yeriyərək onlarla erməni yaraqlısını məhv edib və həmin döyüşdə qəhrəmanlıqla şəhid olub.
Göstərdiyi misilsiz şücaətə görə 1992-ci il noyabrın 6-da Mətləb Quliyevə Azərbaycanın Milli Qəhrəmanı adı verilib.
Milli Qəhrəman Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn olunub. Onun xatirəsi daim uca tutulur. Sumqayıt şəhər 3 saylı orta məktəb Mətləb Quliyevin adını daşıyır, məktəbin qarşısında büstü ucaldılıb. Yaşadığı binaya xatirə lövhəsi vurulub, adına bulaq verilib.





