
Sosial şəbəkələrdə Azərbaycan Respublikasının dövlət qurumları əleyhinə əsassız və məqsədli paylaşımlar edən hesabların Ermənistan vətəndaşlarına məxsus olduğu müəyyən edilib.
QanunTV.az Report-a istinadən xəbər verir ki, “Facebook” sosial şəbəkəsində fəaliyyət göstərən “Palitra” adlı hesab və ona bağlı “TikTok” platformasında “palitranews1” istifadəçi adı ilə aktiv olan səhifələrin qeydiyyat məlumatları araşdırılıb.
Aparılan yoxlamalar nəticəsində məlum olub ki, sözügedən hesabların qeydiyyat ünvanı Ermənistan göstərilib və onlar Ermənistan vətəndaşlarının istifadəsindədir.
Belə ki, bu hesabların İrəvan şəhəri, Vazgen Sargsyan prospekti, ev 6 ünvanında yaşayan Edgar Gazaryan və Olga Smbatyan adlı şəxslər tərəfindən idarə edildiyi müəyyən olunub.
Məlumata görə, həmin sosial media hesabları vasitəsilə Azərbaycan dövlət qurumları barədə dezinformasiya xarakterli paylaşımlar yayılaraq ictimai rəyə təsir göstərməyə cəhd edilib.





