
Bu gün Azərbaycanın Milli Qəhrəmanı, şəhid gizir Mübariz Ağakərim oğlu İbrahimovun doğum günüdür.
Mübariz İbrahimov 7 fevral 1988-ci ildə Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. O, uşaqlıq illərindən vətənpərvərlik ruhunda böyüyərək Azərbaycan torpaqlarının müdafiəsini həyatının əsas məqsədi seçib.
2005-ci ildə həqiqi hərbi xidmətə çağırılan Mübariz İbrahimov Azərbaycan Daxili Qoşunlarında xidmət edib və 2007-ci ildə çavuş rütbəsi ilə ordudan tərxis olunub. 2009-cu ildə yenidən ordu sıralarına qayıdan Mübariz İbrahimov gizir kimi cəbhə bölgəsində xidmətini davam etdirib.
2010-cu il iyunun 18-dən 19-na keçən gecə Mübariz İbrahimov Ermənistan silahlı qüvvələrinin mövqelərinə qarşı təkbaşına hücum edərək böyük igidlik göstərib. O, qeyri-bərabər döyüşdə son ana qədər vuruşaraq şəhidlik zirvəsinə ucalıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Mübariz İbrahimov ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülüb.
Mübariz İbrahimov Azərbaycan xalqının qüruru, Vətən uğrunda canından keçən qəhrəman şəhidimizdir. Onun əziz xatirəsi daim ehtiramla yad edilir.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Qanuntv.az





