
İranın pilotsuz uçuş aparatlarının hədəfinə çevrilmiş Naxçıvanın Babək rayonunun Şəkərabad kənd orta məktəbinin 11-ci sinif şagirdi Fidan Babayevanın sosial şəbəkələrdə paylaşdığı video geniş rezonans doğurub.
Məlumata görə, məktəbli müraciətində Quzey və Güney Azərbaycana, həmçinin dünyada uşaqların ölümünə qarşı olan bütün insanlara səslənərək baş verən hadisəyə biganə qalmamağa çağırıb.
“Biz - günahsız insanlar sizə nə etmişik, niyə hərbi hədəfiniz olmuşuq?” – deyə sual edən Fidan Babayeva hər kəsə “Mənim səsim olun!” çağırışı ilə müraciət edib.
Onun bu müraciəti sosial mediada geniş yayılıb və böyük dəstək qazanıb. Azərbaycan QHT-ləri və ictimai fəallar videonu paylaşaraq “Mənim səsim olun!” (#BeMyVoice) adlı kampaniyaya start veriblər.
Kampaniya çərçivəsində Azərbaycanın haqq səsinin dünya ictimaiyyətinə çatdırılması məqsədilə müxtəlif çağırışlar edilir. QHT nümayəndələri İran tərəfindən törədilmiş hadisəyə görə rəsmi üzrxahlıq tələb edir, həmçinin məsul şəxslərin cəzalandırılmasının vacibliyini vurğulayırlar.





