
Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Hadrut qəsəbəsində xidməti-döyüş tapşırıqlarını yerinə yetirən şəxsi heyətinin fəaliyyət istiqamətinin dəyişdirilməsi ilə bağlı tarixi faktlar açıqlanıb.
Qanuntv.az xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Mətbuat xidməti yayıb.
Bildirilib ki, İkinci Qarabağ müharibəsi zamanı – 2020-ci il noyabrın 8-də Daxili Qoşunların Hadrut qəsəbəsində xidmət aparan şəxsi heyətinin fəaliyyət istiqamətinin dəyişdirilməsi ilə bağlı mühüm qərar qəbul edilib.
Məlumata görə, həmin gün 500 nəfərdən ibarət şəxsi heyətə Şuşa şəhəri istiqamətində hərəkət edərək döyüş tapşırığını yerinə yetirmək əmri verilib.
Qeyd olunub ki, günün ikinci yarısında – axşam saatlarında 30-a yaxın hərbi avtomobildən ibarət karvan yağışlı hava şəraitində, sıx meşəlikdən keçən çətin dağ yolları ilə hərəkətə başlayıb. Döyüşçülər düşmənin diqqətini cəlb etməmək üçün avtomobillərin işıqlarını yandırmadan, yalnız ay işığında irəliləyərək tapşırığın icrasına doğru yol alıblar.





