
Sosial şəbəkələrdə paylaşılan bəzi məzmunlar qanunvericilik baxımından ciddi məsuliyyət yarada bilər.
Qanuntv.az xəbər verir ki, məsələ ilə bağlı vəkil Fəxri İsmayılov açıqlama verib.
Onun sözlərinə görə, yayılması qadağan olunan məzmunlara terrorçuluğun maliyyələşdirilməsi və təbliği, dövlət sirri təşkil edən məlumatlar, zorakılığın və dini ekstremizmin təşviqi, odlu silahların hazırlanması üsulları, narkotik və psixotrop maddələrin əldə edilməsi ilə bağlı məlumatlar, pornoqrafik materiallar, eləcə də ictimai mənəviyyatı təhqir edən və milli-mənəvi dəyərlərə zidd paylaşımlar daxildir.
Vəkil bildirib ki, bu kimi paylaşımlar hüquqi məsuliyyət yaradır və müxtəlif kateqoriyalara aid şəxslər üçün cərimələr nəzərdə tutulur.
Mövcud qanunvericiliyə əsasən, bu cür paylaşımlara yol verən fiziki şəxslər 500 manatdan 1 000 manatadək, vəzifəli şəxslər 1 000 manatdan 1 500 manatadək, hüquqi şəxslər isə 1 500 manatdan 2 000 manatadək cərimələnə bilərlər.
Qeyd edək ki, mövzu ilə bağlı daha ətraflı məlumat İctimai TV tərəfindən hazırlanmış videomaterialda təqdim olunub.





