
Azərbaycan Prezidenti İlham Əliyev Əmək Məcəlləsində və “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” qanunda dəyişiklikləri təsdiqləyib.
Yeni dəyişikliklərə əsasən, iş yerlərində gender bərabərliyinin təmin olunması istiqamətində işəgötürənlərin məsuliyyəti artırılır. Belə ki, cinsindən asılı olmayaraq eyni işi görən əməkdaşlar üçün eyni iş şəraiti yaradılmalı, eyni və ya bərabərdəyərli işə görə bərabər əməkhaqqı ödənilməlidir.
Qanunda həmçinin qeyd olunur ki, eyni pozuntuya görə işçilərə fərqli intizam tənbehi tətbiq edilməməli, cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin və seksual qısnamanın qarşısının alınması üçün zəruri tədbirlər görülməlidir.
Sənədə əsasən, işəgötürən eyni və ya bərabərdəyərli işi yerinə yetirən işçilərə bərabər maaş ödəməyə borcludur. İşin bərabərdəyərli hesab olunması isə əmək şəraiti, əmək funksiyasının xarakteri və tarif-ixtisas göstəriciləri nəzərə alınmaqla müəyyən ediləcək.




