
İçərişəhərdə ilk dəfə olaraq əhalinin genişmiqyaslı statistik uçotu həyata keçirilir.
Qanuntv.az xəbər verir ki, əsas məqsəd ərazidə yaşayan insanların sayını, yaşayış şəraitini və ehtiyaclarını müəyyənləşdirməkdir.
Sakinlərin sözlərinə görə, uçot zamanı onlardan ad, soyad, ata adı, eləcə də yaşadıqları evlərlə bağlı məlumatlar toplanır.
Məlumata əsasən, siyahıyaalma prosesində 40-a yaxın könüllü iştirak edir.
"Qoru" Gənclər Təşəbbüs Qrupunun üzvü Ələddin Quliyev bildirib ki, prosesin əsas məqsədi əhalinin yenidən qeydiyyata alınmasıdır.
Onun sözlərinə görə, sakinlərə onlayn anket vasitəsilə müxtəlif suallar ünvanlanır və verilən cavablar əsasında statistik uçot aparılır.
Hazırkı mərhələdə 241 ailə üzrə 762 nəfərin məlumatı toplanılıb. Proses mərhələli şəkildə davam etdirilir və əldə olunan məlumatlar rəqəmsallaşdırılaraq sistemə daxil edilir.
Qeyd olunur ki, toplanan məlumatlar gələcəkdə ərazinin sosial və infrastruktur ehtiyaclarının daha dəqiq müəyyənləşdirilməsinə xidmət edəcək.
Qanuntv.az





