
"Qarabağ" Futbol Klubunun baş məşqçisi Qurban Qurbanov mövsümün başa çatmasından sonra yaranan fasilədən istifadə edərək Ağdama səfər edib.
Qanuntv.az xəbər verir ki, səfər çərçivəsində Qurban Qurbanov Azərbaycanın Milli Qəhrəmanı Allahverdi Bağırovun məzarını ziyarət edib, onun əziz xatirəsini ehtiramla yad edib.
Ziyarət zamanı baş məşqçi "Qarabağ"ın UEFA Çempionlar Liqasındakı çıxışını simvolizə edən top və şərfi Milli Qəhrəmanın xatirəsinə ithaf olaraq məzarı üzərinə qoyub.
Qeyd edək ki, Allahverdi Bağırov Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda göstərdiyi qəhrəmanlıqla yanaşı, "Qarabağ" klubunun tarixində də xüsusi yer tutur. O, klubun ən çətin dövrlərində komandanın yanında olub, Ağdam futbolunun yaşadılması və inkişafı istiqamətində mühüm xidmətlər göstərib.
Milli Qəhrəmanın xatirəsinə göstərilən bu ehtiram ictimaiyyət tərəfindən də rəğbətlə qarşılanıb.






