
Dövlət İmtahan Mərkəzinin Elektron İmtahanlar Korpusunda hakimliyə namizədlər üçün növbəti test imtahanı təşkil olunub.
Qanuntv.az xəbər verir ki, imtahanda 333 nəfər namizəd iştirak edib. Bu barədə Məhkəmə-Hüquq Şurasının Aparat rəhbəri Kərəm Mansurov məlumat verib.
Bildirilib ki, keyfiyyətli ədalət mühakiməsinin təmin olunması və məhkəmə sisteminə ictimai etimadın artırılması məqsədilə hakim korpusunun peşəkar, yüksək hüquqi biliklərə və mənəvi keyfiyyətlərə malik hüquqşünaslarla formalaşdırılması əsas prioritetlərdən biridir.
Kərəm Mansurovun sözlərinə görə, imtahan beynəlxalq və yerli müşahidəçilərin, vətəndaş cəmiyyəti nümayəndələrinin və media təmsilçilərinin iştirakı ilə tam şəffaf şəkildə keçirilib.
Namizədlər imtahan başa çatdıqdan dərhal sonra nəticələri əldə edə biləcəklər. 60 və daha artıq bal toplayan iştirakçılar müsabiqənin növbəti mərhələsi olan yazılı imtahana buraxılacaqlar.





