
Cari ilin hazırlıq planına uyğun olaraq, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birgə həyata keçirilən tədbirlər çərçivəsində Əlahiddə Ümumqoşun Ordunun "N" saylı hərbi hissəsində keçirilən növbəti təlim toplanışı yekunlaşıb.
Qanuntv.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumatda bildirilib ki, səfərbərlik tədbirlərinin icra ardıcıllığına uyğun olaraq qəbul məntəqəsində hərbi vəzifəlilər qeydiyyatdan keçirilib, tibbi müayinədən keçərək onların işgüzar və mənəvi-psixoloji keyfiyyətləri qiymətləndirilib. Daha sonra iştirakçılar hərbi uçot ixtisaslarına uyğun olaraq bölüşdürülərək bütün növ təminatlarla təmin ediliblər.
Şəxsi heyətlə məsuliyyət hissinin artırılması məqsədilə maarifləndirici söhbətlər aparılıb, onlara hərbi nizamnamələrin və qüvvədə olan qanunvericiliyin tələbləri, həmçinin təhlükəsizlik qaydaları barədə ətraflı məlumat verilib.
Toplanış müddətində günün nizam qaydalarına uyğun fəaliyyətlər həyata keçirilib, müasir döyüşün xüsusiyyətlərinə uyğun ümumqoşun və ixtisas hazırlıqları üzrə məşğələlər təşkil olunub. Həmçinin atıcı silahlardan və əl qumbaraatanlarından praktiki atış çalışmalarının yerinə yetirildiyi bildirilib.
Təlimin sonunda toplanış dövründə fərqlənən hərbi vəzifəlilər həvəsləndirilib.





