
Azərbaycanda Cinayət-Prosessual Məcəlləsinə təklif edilən dəyişikliklərə əsasən, müəyyən elektron məlumatların cinayət işləri üzrə sübut kimi tanınması nəzərdə tutulur.
Layihəyə görə, istintaq üçün əhəmiyyət kəsb edən abunəçi məlumatları, trafik və məzmun verilənləri qanunvericiliyin tələblərinə uyğun şəkildə əldə edildiyi halda elektron sübut hesab ediləcək.
Elektron sübutlar və onların maddi daşıyıcıları cinayət işinin materiallarına əlavə olunacaq, təhlükəsiz şəraitdə saxlanılacaq. Qanuni sahibin müraciəti əsasında həmin məlumatlardan müvəqqəti istifadə və ya surətinin çıxarılması mümkün olacaq.
Cinayət işi üzrə icraat yekunlaşdıqdan sonra isə elektron sübutların daşıyıcıları qanunla müəyyən edilmiş şərtlər daxilində sahiblərinə qaytarıla biləcək.
Təklif olunan dəyişikliklərin istintaq prosesində müasir texnologiyaların tətbiqini genişləndirəcəyi və sübutların toplanması mexanizmini daha da təkmilləşdirəcəyi gözlənilir.





