
Bu gün ölkənin bir sıra şəhər və rayonlarında ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı keçirilir.
Qanuntv.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi (DİM) məlumat yayıb.
Bildirilib ki, imtahanlar Bakı şəhərinin Xətai, Nərimanov, Qaradağ, Suraxanı, Səbail və Pirallahı rayonları ilə yanaşı, Gəncə (I hissə), Samux, Yevlax, Şəmkir (I hissə), Ağstafa, Şəki, Lənkəran (I hissə), Astara, Yardımlı, Ağdam, Ağcabədi, Şuşa, Xankəndi, Kəlbəcər, Xocalı, Ucar, Zərdab, Şamaxı, İmişli, Hacıqabul, Biləsuvar, Qusar, Siyəzən, Xızı və Şabranda təşkil olunur.
İmtahan saat 11:00-da başlanır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış – saat 10:45-də buraxılış rejimi başa çatır və bu vaxtdan sonra gələn iştirakçılar imtahan binasına buraxılmırlar.
DİM tərəfindən qeyd olunub ki, şagirdlərin imtahan binasına rahat daxil olması üçün müxtəlif gəlmə vaxtları müəyyən edilib və bu məlumatlar onların buraxılış vərəqəsində göstərilib. Buna görə də iştirakçılara imtahan binasına məhz həmin vaxtda gəlmək tövsiyə olunur.
İmtahan binasına mobil telefon, ağıllı saat, kalkulyator və digər elektron cihazlar, eləcə də köməkçi vəsaitlər gətirmək qadağandır.
Şagirdlər imtahana aşağıdakı sənədlərlə gəlməlidirlər:
İmtahana buraxılış vərəqəsi
Şəxsiyyəti təsdiq edən sənədin əsli
Zəruri hallarda fotoşəkilli arayış
Məlumata görə, imtahanların təşkili üçün ümumilikdə 207 bina və 3 664 zal ayrılıb. Prosesə 601 imtahan rəhbəri, 4 554 nəzarətçi, 670 mühafizə əməkdaşı və 207 bina nümayəndəsi cəlb olunub.
İmtahanda 49 701 şagirdin iştirakı nəzərdə tutulur. Onlardan 54 nəfəri sağlamlıq imkanları məhdud olan şəxslərdir və onların rahat imtahan verməsi üçün xüsusi şərait yaradılıb.
Qeyd edək ki, imtahandan əvvəl təhlükəsizlik tədbirləri gücləndirilib, imtahan mərkəzləri yoxlanılıb və mühafizəyə verilib.





