
Qanuntv.az xəbər verir ki, bunu Zaur Mikayılov “Report”a müsahibəsində bildirib.
Onun sözlərinə görə, içməli suyun istehsalı mürəkkəb və çoxmərhələli proses olduğu üçün bu suyun texniki məqsədlərlə istifadəsi səmərəli hesab edilmir. Bildirilib ki, içməli su çaylardan götürülərək ciddi təmizlənmə mərhələlərindən keçir və yalnız bundan sonra istifadəyə verilir.
Agentlik sədri qeyd edib ki, bu istiqamətdə ilk pilot layihə Hövsan qəsəbəsi ərazisində həyata keçiriləcək. Mövcud təmizləyici qurğunun bərpası planlaşdırılır və layihənin texniki əsaslandırması artıq tamamlanıb. Layihənin bu il başlanması və 1-2 il ərzində istifadəyə verilməsi nəzərdə tutulur. Burada əldə ediləcək su sənaye və kənd təsərrüfatı sahələrində texniki məqsədlərlə istifadə olunacaq.
Z.Mikayılov əlavə edib ki, eyni yanaşma digər layihələrdə də tətbiq ediləcək. Planlaşdırılan 9 yeni təmizləyici qurğuda suların təkrar istifadəsi nəzərdə tutulur. Texniki su şəbəkəsinin içməli su sistemindən tam ayrılması vacib hesab edilir. Qanunsuz qoşulmaların sağlamlıq üçün risk yaratdığı vurğulanıb.
Bundan əlavə, Sumqayıt sənaye zonasında mövcud qurğunun modernləşdirilməsi və gündəlik 100 min kubmetr gücündə yeni təmizləyici qurğunun tikintisi planlaşdırılır. Oxşar layihələrin Ələt İqtisadi Zonasında da həyata keçirilməsi nəzərdə tutulur.
Qeyd olunub ki, bütün bu addımların əsas məqsədi içməli su ehtiyatlarına qənaət etmək və onların daha səmərəli istifadəsini təmin etməkdir.





