
2026-2027-ci tədris ili üçün dövlət ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu (MİQ) üzrə müsabiqənin elektron sənəd qəbulu mərhələsinə start verilib.
QanunTV.az xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi məlumat yayıb.
Məlumatda bildirilib ki, müsabiqədə iştirak etmək istəyən namizədlər əvvəlcə "Digital Login" əldə etməli, daha sonra iyunun 3-ü saat 11:00-dan etibarən www.miq.edu.az portalına daxil olaraq qeydiyyatdan keçməlidirlər.
Agentlikdən verilən məlumata görə, elektron sənəd qəbulu mərhələsi iyunun 3-dən 10-dək davam edəcək. Namizədlər bu müddət ərzində şəxsi kabinet yaradaraq tələb olunan məlumatları sistemə daxil edə və müraciətlərini təsdiqləyə bilərlər.
Qeyd edək ki, müəllimlərin işə qəbulu müsabiqəsi dövlət ümumi təhsil müəssisələrində vakant müəllim yerlərinin tutulması məqsədilə keçirilir və proses elektron qaydada təşkil olunur.
Müsabiqədə iştirak etmək istəyən şəxslərə qeydiyyat müddətini nəzərə alaraq müraciətlərini son günə saxlamamaları tövsiyə edilir.





