
İyunun 30-da Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Şəki şəhərində yeni istifadəyə verilən İncəsənət Məktəbinin binasına baxış keçirib.
QanunTV.az xəbər verir ki, səfər zamanı Leyla Əliyevaya təhsil müəssisəsi, burada yaradılan şərait və məktəbin fəaliyyəti barədə ətraflı məlumat təqdim olunub.
Bildirilib ki, 1938-ci ildə inşa edilmiş əvvəlki bina uzun illər istifadə olunduqdan sonra yararsız vəziyyətə düşüb. Bu səbəbdən Heydər Əliyev Fondunun dəstəyi ilə müasir tələblərə cavab verən yeni məktəb binası inşa edilib.
İki korpusdan ibarət olan yeni təhsil müəssisəsi 430 şagird üçün nəzərdə tutulub. Məktəb müasir mebel, zəruri avadanlıqlar və tədris prosesində istifadə olunan əyani vəsaitlərlə tam təmin olunub.
Yeni binada musiqi, nəzəriyyə, xor, fotoqrafiya, rəssamlıq, heykəltaraşlıq və dizayn otaqları, xoreoqrafiya və akt zalları, kitabxana, yeməkxana, eləcə də müəllim və şagirdlərin istifadəsi üçün digər zəruri bölmələr yaradılıb.
Məktəbin həyətyanı ərazisində də geniş abadlıq və yaşıllaşdırma işləri həyata keçirilib. Əraziyə dekorativ ağac və kollar əkilib, müasir işıqlandırma sistemi quraşdırılıb.
Yeni İncəsənət Məktəbi Şəkidə gənc istedadların inkişafı, incəsənət təhsilinin keyfiyyətinin artırılması və yaradıcı mühitin daha da gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.












