
IV Şuşa Qlobal Media Forumunun iştirakçıları Şuşa şəhərində yeni inşa olunan Qarabağ küçəsinə səfər ediblər.
Qanuntv.az xəbər verir ki, AZƏRTAC-ın məlumatına görə, forum iştirakçıları dövlət-özəl tərəfdaşlığı çərçivəsində yerli investorlar tərəfindən tikilən müxtəlif təyinatlı 10 binaya baxış keçiriblər.
Məlumata əsasən, sözügedən binalar arasında mehmanxana, apart hotel, ofis və ictimai iaşə obyektləri yer alır. Qonaqlara bildirilib ki, tikinti prosesində yüksək keyfiyyət standartlarının qorunması ilə yanaşı, yeni tikililərin Şuşanın tarixi-memarlıq simasına uyğunluğuna xüsusi diqqət yetirilib.
Qeyd olunub ki, layihə Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşanın inkişafı və bərpası istiqamətində həyata keçirilən genişmiqyaslı işlərin tərkib hissəsidir. Yeni inşa edilən obyektlər şəhərin memarlıq ansamblını tamamlayaraq, Şuşada aparılan yenidənqurma və abadlıq işlərinin miqyasını əyani şəkildə nümayiş etdirir.
Xatırladaq ki, "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusuna həsr olunan IV Şuşa Qlobal Media Forumunda dünyanın 53 ölkəsindən 160-a yaxın media nümayəndəsi, ekspert və rəsmi şəxsin iştirakı nəzərdə tutulur.





