
Bu gün saat 11:00-dan etibarən uşaqların I sinfə elektron qəbulu çərçivəsində prioritet məktəblərdə boş qalan yerlərə qəbul prosesinə start verilib.
Qanuntv.az xəbər verir ki, Abşeron, Bakı, Gəncə, Sumqayıt və Naxçıvan şəhərlərində yerləşən üstünlük hüququ tətbiq edilən ümumi təhsil müəssisələrində boş qalan yerlərə sərbəst (prioritetsiz) qəbul aparılır.
Məlumata görə, artıq Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimində üstünlük hüququ nəzərə alınmır. Valideynlər və qanuni nümayəndələr mövcud boş yerlər üzrə seçim edərək qeydiyyat prosesini həyata keçirə bilərlər.
Qeyd edək ki, üstünlük hüququ tətbiq edilən ümumi təhsil müəssisələrinin siyahısı mektebeqebul.edu.az portalında yerləşdirilib.
Valideynlər qəbul prosesi ilə bağlı ətraflı məlumatı və boş yerlərin siyahısını portal üzərindən əldə edə bilərlər.





